Masallıda 16 yaşlı qız itkin düşüb
Masallıda 16 yaşlı qız bir ilə yaxındır ki, itkin düşüb. Ailə üzvlərinin və rayonun hüquq-mühafizə orqanlarının apardıqları axtarışlar hələ ki, səmərə verməyib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə 2015-ci il iyul ayının 5-də Masallının Təklə kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb.
Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından ona çay gətirməsini xahiş edib. Səidə isə öz növbəsində “Ana, indi çayı gətirirəm”, - deyərək həyətə düşüb. Ana qızının ona çay gətirəcəyini bir müddət gözləsə də, nə Səidədən, nə də çaydan xəbər çıxmayıb. Bibixanım Cəfərova Səidəni nə qədər çağırsa da, onun səsinə hay verən olmayıb. İndi düz 11 aydır ki, gözü yaşlı ana qızının intizarındadır.
Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, yaxud yeni paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. Ailə üzvləri Səidə yoxa çıxandan bəri həmin mobil telefon nömrəsinə dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon, ümumiyyətlə, qapadılıb. Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçdığını mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan bir xəbərin belə çıxmaması valideynlərinin bu şübhəsini də heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığını istisna etmirlər.
Qeyd edək ki, Səidə Cəfərovanın itkin düşməsi barədə Masallı rayonunun hüquq-mühafizə orqanlarına və icra strukturlarına məlumat verilib. Polis qızın axtarışlarını davam etdirir.