FES dolları bahalaşdırmadı
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb. APA TV-nin məlumatına görə, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb.
İclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərar yekdilliklə qəbul edib. Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2 faizi səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2 faizə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyyatın 2,1 faiz böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2 faiz üzərində qurulub.
Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5 faiz səviyyəsində qalacaq. "Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivdən asılı olacaq", - deyə FES-in məlumatında qeyd olunur.
FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.