Erməni politoloq: "Azərbaycan Sankt-Peterburq görüşündən sonra cəbhədə addımlar atacaq"
"Azərbaycan aprel hadisələrindən sonra Ermənistanı ərazi və status məsələlərində güzəştlərə məcbur etmək niyyətindədir". APA TV-nin Ermənistan mətbuatına xəbərinə görə, bunu politoloq Sergey Minasyan Azərbaycan və Ermənistan prezidentlərin Sankt-Peterburq görüşünə münasibət bildirərkən səsləndirib.
O deyib ki, Ermənistanın məqsədi Vyana prosesini davam etdirmək, hərbi eskalasiyanın qarşısını almaq üçün yeni mexanizmlərin yaradılmasından ibarətdir: "Bir halda ki, Ermənistan tərəfinin əlavə manevrlər etmək üçün heç bir şansı yoxdur və Azərbaycanın da güzəştə gedəcəyi mümkünsüz göründüyündən gələcəkdə bu məsələnin yenidən dalana dirənəcəyini söyləmək üçün kifayət qədər əsas yaranır".
Bununla belə, politoloq yalnız bir görüşlə uğur əldə etməyin mümkün olmadığını da sözlərinə əlavə edib: "Əgər 25 il ərzində razılığa gəlmək alınmayıbsa, aprel hadisələrindən sonrakı bir görüş zamanı nəyəsə nail olmaq mümkünsüzdür. Eyni zamanda Azərbaycanın keçiriləcək görüşün nəticələrini gözlədikdən sonra müəyyən addımlar atacağı da istisna deyil".