Səlim Müslümov: "Kəndlərdə bir traktorçu tapanda sevinirik"
Bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, buna səbəb SSRİ-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrin hamısında peşə təhsili sisteminin dağılmasıdır: "Yəni o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi olduqca sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. İş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik. Düzdür, kənd təsərrüfatı sahəsi mövsümidir, lakin tütünçülük, pambıqçılıq kimi sahələr var ki, orada az qala ilboyu işlər həyata keçirilir və ixtisaslı kadrlara tələbat var. Biz öz tərəfimizdən ölkənin bütün ərazisini əhatə edən Peşə-Tədris Mərkəzlərinin formalaşmasını təmin edirik. Artıq Bakıda, Göyçayda və Gəncədə Regional Peşə-Tədris mərkəzlərinin formalaşdırılması başa çatdırılıb".
Nazir bildirib ki, ölkədə işsizlikdən sığortalanma sisteminin tətbiqi üçün qanunvericilik layihəsinin son variantı hazırlanaraq hökumətə təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb. Yeni proqramda əksini tapan prioritetlərin, onların layiqli əmək üzrə beynəlxalq normalara uyğunluğunun, habelə Proqramın icrası yönündə görüləcək işlərin müzakirə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və BƏT-in nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.