Cəlilabadda kartof sahələrindən oğurluq olub

Cəlilabadda kartof sahələrindən oğurluq edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndi sakini Əli Abbasova məxsus təsərrüfatda qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər axşam saatlarında sahəyə girərək məhsulu yığılmamış ərazidən xeyli miqdarda kartof çıxararaq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan yalnız səhər saatlarında xəbər tutub.

 

Zərərçəkmişin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazilərindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılıb aparılması oğruların bir yox, bir neçə şəxs olduğunu deməyə əsas verir.

 

Əli Abbasovun dediyinə görə, onun əkin sahəsinə yaxın ərazilərdən də dəfələrlə quyulardakı su nasosları, sahələrin suvarılması üçün istifadə olunan su boruları naməlum şəxslər tərəfindən oğurlanıb. Elə bundan ehtiyat edən torpaq sahibi axşamlar ara-sıra sahədə gecələyib.

 

Faktla bağlı polisə də müraciət olunub, hazırda  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv