Ali Məhkəmə qərarı açıqladı: Sinan Oğan MHP üzvüdür
Türkiyə Ali Məhkəməsi sabiq millət vəkili, MHP sədri postuna namizəd Sinan Oğanın partiyaya bərpasına dair aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. APA TV-nin məlumatına görə, Ali Məhkəmə ilk qərardan apelyasiya şikayəti verən MHP rəhbər qurumlarının tələbini rədd edib. Bununla da Sinan Oğanın iyunun 19-da sədr postuna namizəd olmasına qarşı heç bir hüquqi maneə qalmayıb.
Xatırladaq ki, Ali Məhkəmənin qurultayın keçirilməsinə dair qərarından sonra MHP rəhbərliyi Sinan Oğanın partiyadan xaric edildiyini əsas gətirmiş, onun partiyaya bərpasına dair məhkəmə qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməli olduğunu bəyan etmişdi. İlkin məhkəmə instansiyası Sinan Oğanla bağlı qərarın qəti olduğu, qərardan apelyasiya şikayəti vermək hüququnun olmadığını bildirsə də, MHP rəhbərliyi bununla razılaşmamış, Ali Məhkəmədən başqa heç bir qurumun qərarına tabe olmayacağını açıqlamışdı.
Qeyd edək ki, Sinan Oğan seçkilərdən sonra MHP-nin uğursuz nəticə əldə etməsini sosial şəbəkələrdə tənqid etmiş, bu tənqid səbəbilə partiya rəhbərliyi İğdır vilayət təşkilatına göstəriş verərək Oğanın partiyadan xaric edilməsini istəmişdi. Təşkilat bu tələblə razı olmadığı üçün MHP rəhbərliyi İğdır təşkilatını tam tərkibdə istefaya göndərmiş və Sinan Oğanı mərkəzi aparatın qərarı ilə partiyadan çıxarmışdı.