Əli Həsənov: “Bəzi QHT-lər qanunsuz yoxlamalar keçirməyə, bəzi jurnalistlər reketliklə məşğul olmağa çalışır”

"Müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, insan hüquqları sahəsində də mühüm nailiyyətdir".

 

APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

“İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edən Ə.Həsənov bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib, soyqırımı törədib, 1 milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salıb, insan hüquqlarını kütləvi surətdə pozub: "Təəssüf ki, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinir”.

 

Azərbaycan prezidentinin köməkçisi deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xaos aradan qaldırılıb, sabitlik bərpa edilib. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Ə.Həsənov qeyd edib ki, ölkədəki QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır.

 

Mətbuat Şurası, Milli Televiziya və Radio Şurasının yaradılmasından bəhs edən Ə. Həsənov nəzərə çatdırıb ki, prezident İlham Əliyev medianın inkişafına diqqətlə yanaşır, KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5  mindən çox KİV uçota götürülüb və ya qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir. Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərin sayı  2 milyon nəfəri ötüb.

 

 “QHT və KİV cəmiyyətdə şəffaf müzakirə mühiti yaratmalıdır” - deyən Əli Həsənov qeyd edib ki, insan hüquqları həddi olan, amma hüdudu olmayan bir sahədir. O, istehlakçıların hüquqlarının müdafiəsinə toxunub: “Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları 2 il qadağan etdi. Ancaq bəzi QHT-lər istehsal sahələrinə daxil olub, qanunsuz yoxlamalar keçirməyə cəhd edir. Yaxud bəzi jurnalistlər reketliklə məşğul olmağa çalışır. Nazir mənə zəng vurub deyir ki, bir qəzet təhdid edir, şər-böhtan yazır. Biz də öyrənirik ki, həmin jurnalistin üzərində 15 məhkəmə işi var. Belə hallar yolverilməzdir".

 

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, prezident İlham Əliyev 2007-ci ildə 18 iyunu Azərbaycanda İnsan Hüquqları Günü elan edib. O, ötən dövrdə ombudsman institutunun Elmira Süleymanovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv