Şiştəpə sakini "Santa Fe"ni aşırdı, 1 ÖLÜ, 3 YARALI VAR

 

Şəmkir rayonunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Şiştəpə kənd sakini İlkin Əhmədovun idarə etdiyi “57 BP 120” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobil Dəllər qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü İlkin Əhmədov və onun sərnişinləri Səyyad Həsənov, Elçin Məmmədov və Turqut Abbasov ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Turqut Abbasovun həyatını xilas etmək mümkün olmayıb. Sürücü İlkin Əhmədovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Səyyad Həsənov və Elçin Məmmədovun vəziyyəti ağır olaraq qalır.

 

Həkim-travmatoloq Kamal Kərimov:

 

- Birinin ənsə sümüyündə yerdəyişməyən sınıq var. Vəziyyəti qənaətbəxşdir. İkinci xəstədə sağ bud sümüyünün orta üçdə birinin açıq qəlpəli sınığı və sol bazu oynağının çıxığı var. Xəstənin vəziyyəti hal-hazırda kafi qiymətləndirilir və müalicə davam etdirilir.

 

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb sürət həddini aşmaq olub. Məlumata əsasən, avtomobil rayonun Şiştəpə kənd sakini Nəcibə Əliyevaya məxsus olub. İlkin Əhmədov qadının oğlu Elşən Əliyevdən avtomobili sürmək məqsədi ilə alıb.

 

Şəmkir rayon Polis Şöbəsinin istintaq şöbəsinin müstəntiqi Elnur Heydərli:

 

- Cinayət Məcəlləsinin 260.1 1 maddəsi ilə başlamış cinayət əməli 260.2 maddəyə tövsiyə edilərək cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli