İran səfiri: "Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir"
"Azərbaycan parlamentinin son iclasında parlamentarlar ümumilikdə İran-Azərbaycan münasibətinə müsbət yanaşıblar. Yalnız üç deputat tənqidi danışıb. Amma biz bunları nəzərə alaraq, parlamenti İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək qurum kimi təqdim etməməliyik".
APA TV-nin xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Milli Məclisin son iclasında deputatların rəsmi Tehranın ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, Azərbaycan Milli Məclisi iki ölkə münasibətlərinə ümumilikdə müsbət yanaşıb.
Diplomat İranın Qarabağ münaqişəsi ilə bağlı ikili mövqe nümayiş etdirdiyini düşünmədiyini vurğulayıb: "Bizim uzun illər ərzində münaqişə ilə bağlı mövqeyimiz eyni olub. Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq. İranın prinsipial mövqeyi ondan ibarətdir ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik, regionda müharibənin yenidən alovlanmasını istəmirik. Çünki bu, regionun da xeyrinə deyil. İsrail rejimi isə Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir. Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır".
Səfir əlavə edib ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş verən hadisələrlə müqayisəolunmaz dərəcədədir: "Başqa məsələ ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar və biz ümid edirik ki, bu danışıqlar bəhrə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağını görmürük və buna inanmırıq".
Qeyd edək ki, bu gün İranın "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran aviareysi üzrə ilk uçuşu həyata keçirilib. Bununla bağlı jurnalistlərə açıqlama verən Möhsün Pak Ayin bildirib ki, reyslər "Airbus 320" təyyarələri ilə yerinə yetirilir. Onun sözlərinə görə, aviareysə biletin qiyməti 180 manatdır. Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək.