Kəmaləddin Heydərov: Boks Azərbaycanda sevimli idman növünə çevrilib
Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinin rəsmi açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim boks dünyasının əfsanəsi Məhəmməd Əlinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca yarışda iştirak edən ölkələrin bayraqları və nümayəndələri zala dəvət olunub.
K.Heydərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan boksunun zəngin tarixə malik olduğunu bildirib: “Azərbaycan idmanında son illərdə gedən inkişaf boksa da öz təsirini göstərir. Təlim-məşq bazaları, boksçularımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar buna nümunədir. Azərbaycan boksu zəngin tarixə malikdir. Bunu mənimsəyən boksçularımız öz iradələri ilə yüksək nəticələr əldə edirlər. Buna görə də boks ölkəmizdə sevimli idman növünə çevrilib”.
ABF prezidenti belə bir mötəbər yarışı Azərbaycana həvalə etdiyi üçün AİBA rəhbərliyinə təşəkkürünü bildirib. K.Heydərov bu cür mötəbər yarışların təşkilinin ölkəmizdə boksun populyarlaşmasına daha yaxşı təkan verəcəyinə inam ifadə edib.
Gənclər və idman naziri Azad Rəhimov yarışın Rio Olimpiadası öncəsi sonuncu böyük turnir olduğunu qeyd edib. AİBA-ya Azərbaycana etimad göstərdiyi üçün minnətdarlıq bildirən nazir deyib ki, ölkəmizdə keçirilmiş böyük yarışlar bu turnirin də möhtəşəm alınacağına imkan yaradır.
Yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın bu növünün sevilməsindən danışan Çinq Ko Vu yarışın təşkili üçün Azərbaycan Boks Federasiyasına təşəkkür edib. O bildirib ki, Azərbaycan artıq bu kimi bir neçə böyük yarışlar keçirib, inam qazanıb. Bu yarışda 400-ə yaxın idmançı iştirak edəcək.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turnirində 105 ölkədən 469 boksçu mübarizə aparacaq. Yığmamız 7 çəki dərəcəsində Olimpiadaya lisenziya qazandığından, yarışda ölkəmizin idman şərəfini 3 boksçu - Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) qoruyacaq. Turnirdə ümumilikdə Rio üçün 39 vəsiqə öz sahibini tapacaq.