Britaniya parlamentinin deputatı qətlə yetirildi

Böyük Britaniya Leyboristlər Partiyasından seçilmiş parlament deputatı, 41 yaşlı iki uşaq anası Co Koks qətlə yetirilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Koks ötən gün Birstall şəhərində hücuma məruz qalıb.

 

Naməlum şəxs qadına azı iki dəfə atəş açıb, sonra isə bıçaqla bir neçə zərbə endirib. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib. 

 

İnsident zamanı həmçinin 77 yaşlı kişi yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.

 

Hücum şəhər kitabxanasının yaxınlığında, Koks seçicilərlə görüş keçirdiyi zaman, onlarla şahidin gözü qarşısında törədilib.

 

Millət vəkilinə hücum edən şəxsin "Öncə Britaniya" deyərək Co Koksun üzərinə yüyürdüyü iddia olunur. "Öncə Britaniya" İngiltərənin Avropa Birliyindən ayrılması üçün kampaniya həyata keçirir.

 

Co Koksun ölümündən sonra Avropa Birliyində qalmaq tərəfdarları da, Brexit tərəfdarları da bütün referendum kampaniyalarını dayandırıblar.

 

Qətli törətməkdə şübhəli bilinən 52 yaşlı kişi Tommi Meyr saxlanılıb. Yaşadığı ərazidə Tommi olaraq tanınan şəxsin psixoloji problemləri olduğu bildirilir. 20 il öncə nənəsi öləndən tək yaşayan Tommi könüllü olaraq bağbanlıq edib.

 

Qətlin motivləri hələlik bəlli deyil. Araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv