Şəmkirdə dəhşətli qəza: bir ailənin 4 üzvü öldü
Şəmkirdə dəhşətli yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 35 yaşlı İntiqam Muxtarovun idarə etdiyi “Mercedes”lə Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 58 yaşlı İntizam Həsənovun sürdüyü “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü İntizam Həsənov və sərnişinləri - 56 yaşlı həyat yoldaşı Rəna Həsənova, 33 yaşlı gəlini Aynur Həsənova və 36 yaşlı qızı Xanım Bayramova vəfat ediblər.
Avtomobildə olan digər sərnişinlər - İntizam Həsənovun oğlu, 35 yaşlı Ramin Həsənov, onun oğlu 11 yaşlı Röyal və İntizam Həsənovun nəvəsi 20 yaşlı Vahid Bayramov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vahid Həsənov və qəzada yüngül xəsarət alan “Mercedes”in sürücüsü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Məlumata görə İntizam Həsənov ailə üzvləri ilə onlara məxsus soğan sahəsindən qayıdırmış. "Mercedes"in sürücüsü İntiqam Muxtarov “VAZ-2106”-nın anidən ikinci dərəcəli yoldan magistral yola çıxdığını və nəticədə qəza baş verdiyini bildirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.