Ağstafada qəbiristanlıqdan oğurluq oldu

Ağstafada qəbiristanlıqdan oğurluq olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

 

Amil Yolçiyev kənd qəbiristanlığına gələn zaman atasının qəbrinin məzarını əhatəyə alan dəmir hasarın oğurlandığını görüb: "İki gün bundan qabaq burda idi. Atamın qəbrinin kənarını qardaşım təmizlədi. Bu gün gəlmişik, yoxdur. Söküb aparıblar".

 

Amil Yolçiyev bildirir ki, 10 metrə yaxın uzunluğu olan dəmir hasar əsasən qəbir daşlarını qəbiristanlıqda otlayan mal-qaradan qoruyurdu. Oğurluq hadisəsinin səbəbini məzarlıqda gözətçilərin olmaması ilə əlaqələndirirlər. Sakinlər bildirirlər ki, qəbiristanlıq magistral yolun kənarında yerləşdiyindən, burada gözətçilərin olması vacibdir.

 

Gündüz saatlarında orada çalışan Şamo Əliyev isə gözətçi kimi məvacib almasa da, məzarlığa nəzarət edir. Amma o, gecə saatlarında evinə getdiyindən, oğurluq hadisəsindən xəbərsiz olduğunu söyləyib: "Mən öz ölümün xətrinə kəndin burda işləyirəm. 3 gün əvvəl setka yerində idi, indi fakt yerində yoxdur. 15 dəqiqə əvvəl gəlib mənə dedilər ki belə oğurluq olub. Dedim mən neynəyim".

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv