Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutuldu
Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən “Nur” yanacaqdoldurma məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib və məntəqədən 453 manat götürərək qaçıb.
E.Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Şirvan polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir Hacıbala oğlu İmanov tutulub.
Araşdırma zamanı onun Şirvanda 2 mağazadan oğurluq etdiyi də məlum olub. Eyni zamanda adı çəkilən şəxsə qarşı Biləsuvar və Sabirabad rayonlarında da oğurluq maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.