Qarabağ münaqişəsində Rusiya vətəndaşlarının cəmi 3 faizi Azərbaycanı dəstəkləyir - SORĞU
Rusiya vətəndaşlarının 70 faizi bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.
APA-nın “kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Levada" sorğu mərkəzinin məlumatında deyilir.
Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən, rəyi soruşulanların 59 faizi baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11 faizi hadisələri izlədiyini, 30 faizi isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Respondentlərin 67 faizi bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15 faizi Ermənistan tərəfinə, cəmi 4 faizi Azərbaycana simpatiya duyduğunu bildirib.
Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11 faizi erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3 faizi isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali, ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.
Rəyi soruşulanların 23 faizi hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19 faizi Azərbaycan, 15 faizi Türkiyə, 4 faizi Ermənistan olduğunu bəyan edib.