Ötən ay sərhədçilərimiz axtarışda olan 406 nəfəri yaxalayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2016-cı ilin may ayı ərzində dövlət sərhədini pozduqlarına görə 23 halda 28 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, 2 nəfəri Özbəkistan, 1 nəfəri Gürcüstan vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 3 halda 7 nəfər, Xəzər dənizində 30 halda 52 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 489 halda 704 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 406 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 4 kiloqram 251 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 99 halda ümumi dəyəri təqribən 509 347 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 qutu pnevmatik silah patronu, 1 ədəd metal axtaran detektor, 6 kiloqram qızıl külçə, 564 qram qızıl məmulatı, 41029 qutu müxtəlif markalı siqaret, 62 ədəd mobil telefon, 32 baş xırdabuynuzlu heyvan, 7 ədəd qayıq, müxtəlif növ dərman preparatları və s. saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.