ABŞ Qara dənizdə hərbi iştirakını davam etdirəcək

ABŞ Rusiyanın etirazlarına baxmayaraq, Qara dənizdə hərbi iştirakını davam etdirəcək. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Amerikanın hərbi-dəniz nazirinin müavini Rey Mabus bildirib.

"Biz regionda mövcudluğumuzu qoruyacağıq. Buna məcburuq, çünki qarşı tərəfin təcavüzü istisna deyil", - deyə o qeyd edib.

Nazir müavini bildirib ki, ABŞ-ın hərəkətləri Montrö konvensiyasının şərtlərinə uyğundur, razılaşmada ətraf ölkələrin dənizdə 21 sutka hərbi gəmilər saxlamağa hüququ var. NATO müttəfiqi kimi isə bu regionda Türkiyə, Rumıniya və Bolqarıstan var.

Bu yaxınlarda ABŞ-ın "USS Porter" raketdaşıyıcısı Qara dənizə daxil olub. Pentaqon bu addımın müttəfiqlərlə keçirilən təlimlərlə əlaqədar olduğunu bildirib.

Kreml isə bunu NATO-nun Varşava sammiti öncəsi alyansın güc nümayiş etdirməsi kimi dəyərləndirib.

Bu arada Rumıniya və Türkiyə Qara dənizdə hərbi donanma yaratmaq barədə təşəbbüs irəli sürüblər. Bundan əlavə, Buxarest müttəfiq kimi Qara dənizdə Almaniya, İtaliya və ABŞ gəmilərini də görmək istədiyini bəyan edib. Təklifi Ukrayna prezidenti Pyotr Poroşenko da dəstəkləyib və bu məsələyə də Varşava sammitində baxılacaq.


Bolqarıstan isə bu təklifə qarşı çıxıb. Ölkənin baş naziri Qara dənizi daha çox sülh dənizi kimi görmək istədiklərini, dənizin sahillərinin turizm üçün əlverişli olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv