Ağstafada Sənaye Parkının təməli qoyuldu
Ağstafada yeni sənaye parkının təməli qoyulub. APA TV-nin qərb bürosunun məlumatına görə, təməlqoyma mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ağsaqqalları və ziyalıları, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Məhərrəm Quliyev rayon sakinlərini belə böyük layihənin icrasına başlanması münasibətilə təbrik edib. Bildirilib ki, Ağstafa Sənaye Parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvü kimyəvi məhsulların istehsalı müəssisəsi, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları (dəmir dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi və 200 hektar ərazisi olan üzüm, ərik, xurma və digər meyvə bağları, soyuducu anbar kompleksi və hazır məhsulun satışı xidməti mərkəzi olacaq. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər daimi işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşa edilən sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq, gələcəkdə yeni hotel infrastrukturunun yaradılması da həyata keçiriləcək.
Sonda tikinti işlərinin başlanmasını ifadə edən giliz təmələ buraxılıb.