Gədəbəydə sel və leysan: ölən var
Gədəbəydə sel suları ciddi fəsadlar yaradıb. APA TV-nın qərb bürosunun məlumatına görə, ötən gün saat 18:00 radələrində rayona güclü leysan və dolu yağıb.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, güclü leysan, yağış və dolu Şınıx bölgəsinin 26 kəndində, həmçinin Çobankənd və Novosaratovka kəndlərində güclü fəsadlar yaradıb. Yaşayış məntəqələrinə gedən yollarda qurulan 3-4 körpü tamamilə sıradan çıxıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb.
Bəzi ərazilərdə torpaq sürüşmələri baş verib, 4-5 ev qəzalı vəziyyətə düşüb. Bundan başqa, sel suları avtomobil yollarını yuyaraq nəqliyyat vasitələrin hərəkəti üçün maneələr törədib. Təbii fəlakət nəticəsində 1000 hektara yaxın əkin sahəsi də yararsız hala düşüb, iri və xırda buynuzlu heyvanlar və xeyli ev quşları tələf olub. Sel sularının təsirindən elektrik təsərrüfatına da ziyan dəyib. Dirəklərin aşması nəticəsində bır sıra kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə yaşayış məntəqəsinə enerji verilişi bərpa olunsa da, hazırda 5 kənddə elektrik yoxdur.
Sel suları nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb. Düzrəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Osman Rzayev at ilə meşədən qayıdan zaman Dəyirmançayı keçərkən sel onu aparıb. Meyiti keçdiyi ərazidən 3 kilometr aralıda tapılaraq ailəsinə təhvil verilib. Məlumata görə, mərhum evli olub, iki övladı var.
Həmçinin güclü sel “BMV” və “VAZ” markalı iki avtomobili də aparıb. Avtomobillərin biri tapılsa da, digərinin axtarışları davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev bildirib ki, hazırda rayonun bütün texnikası təbii fəlakət olan ərazilərə cəlb edilib. Dəymiş ziyan müəyyənləşdirilir.