Bakıda müəmmalı hadisə: ev yandı, qızıllar yoxa çıxdı

Bakının Binəqədi rayonunda müəmmalı yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, “3-cü mədən” adlanan ərazidə 4 otaqlı mənzil tamamilə yanıb. Ev sahibinin dediyinə görə, hadisə baş verməzdən əvvəl onlar Bakıda olmayıblar və bir neçə gün evə gəlməyiblər. O, bildirib ki, evi tərk edərkən kommunal xətləri bağlayıb. Ev sahibi Emin Mikayılov iddia edir ki, mənzil təsadüfdən yanmayıb. Çünki yanğından sonra televizor və digər məişət, eləcə də qızıl-zinət əşyalarının izi də tapılmayıb. Zərərçəkən deyir ki, pul və qızıl-zinət əşyaları dəmir sandıqçada olub. Amma həmin qab ortada yoxdur. Üstəlik, evin bir pəncərəsinin dəmir barmaqlığı da sınıb.

 

“Yandırıblar buranı”, - deyə zərərçəkən Emin Mikayılov bildirib. 

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən verilən məlumata görə, istintaq işləri davam etdirilir. Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi ilə bağlı hələlik heç bir yenilik yoxdur. 

Müəllif | Apa.Tv
Apa.tv