Neft həftəni yüksək qiymətlə başa vurdu

Dünya bazarında neftin qiymətində yenidən bahalaşma başlayıb. APA TV-nin məlumatına görə, birjaların son seanslarında "Brent" markalı neftin bir bareli 49,38 dollardan satılıb. Bu, ötən günün səhər seanslarına nisbətən iki dollar fərq deməkdir.

Qərbi Texas neftinin qiyməti də nisbətən bahalaşıb. Son hərraclarda WTİ nefti 48,26 dollardan satılıb. Ötən gün Qərbi Texas nefti 46 dollarla 47 dollar arasında satılıb.

 

Neftin qiymətlərinin qalxmasında əsas səbəb Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini əvvəlki (0,25-0,5%) səviyyədə saxlamasıdır. Digər tərəfdən Böyük Britaniyanın Avropa Birliyindən çıxma ehtimalının azalması da neftin qiymətinin artmasına təsir edib. Yaxın günlərdə neftin qiymətlərində kiçik bahalaşma ilə birgə  stabilləşmə olacağı gözlənilir.  

Müəllif | Apa.Tv
Apa.tv