Şəmkir sakini bir qardaşı qətlə yetirdi, digərini yaraladı - BORC DAVASI

Şəmkirdə iki qardaş mübahisə zəmində bıçaqlanıb. Kür qəsəbəsində baş verən hadisə zamanı qardaşlardan biri ölüb, digərinin durumu isə ağırdır.

 

APA TV-nin məlumatına görə, hadisə ötən axşam saat 23.00 radələrində baş verib. Qəsəbə sakini Sabit Əliyevlə Mahir və Zaur Abbasov qardaşları arasında yaranan mübahisə qanla bitib. Sabit Əliyev qardaşların hər ikisinə onlara məxsus ticarət obyektlərinin qarşısında çoxsaylı bıçaq zərbələri endirib. Ağır yaralanan şəxslər xəstəxanaya apararkən 42 yaşlı Mahir Abbasov yolda dünyasını dəyişib. Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 34 yaşlı  Zaur  Abbasov isə əməliyyat olunub, onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Qardaşlara çoxsaylı bıçaq zərbələri endirən Sabit Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd göstərib. Şəmkir rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabit Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara görə cinayəti törədən şəxs hadisə vaxtı sərxoş olub. Hadisənin isə borc mübahisəsində yarandığı güman edilir. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv