Türkiyə millisi niyə uduzdu? - PAYTAXT SAKİNLƏRİ ARASINDA SORĞU
Futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatında zəif çıxışı qardaş ölkədə olduğu kimi, Azərbaycanda da bu komandanın yüzminlərlə azarkeşini məyus edib. Fatih Terimin komandası Xorvatiyaya məğlubiyyətdən sonra İspaniya millisinə böyük hesabla uduzduqdan sonra hər kəs məğlubiyyətin səbəbini axtarır. Elə paytaxt sakinləri də...
- Mənə elə gəlir fiziki hazırlıqları zəif idi bu il. Yəqin ki, Fatih Terimi günahlandırmaq lazımdır.
-Oyunçular əvvəldən yaxşı hazırlaşmayıblar, çox səbəbi ola bilər.
-Avropa çempionu ilə oynayıb, Türkiyə elə belə komanda ilə oynamayıb ki. Uduzub da. Türkiyədir də, nə birinci oyunda oynamadılar, nə ikinci. Məşqçidən asılıdır, oyunçulardan asılıdır, onu mən deyə bilmərəm.
- Bizim dərslərimiz çoxdur, futbolla maraqlanmırıq. Ən düzgün seçim dərs oxumaqdır. Amma dünən futbol oynamışıq. İspaniya -Türkiyə matçından daha yaxşı oynamışıq.
- Məğlub olduqlarını bilirəm amma izləməmişəm, marağım yoxdur.
- Uduzmaqlarının səbəbi o idi ki, birinci taktiki cəhətdən çox zəifdirlər, İspaniyadan geri qalırdılar. Həm də təcrübə söhbəti var, komandanın təcrübəsi çatmır. Düzgün oyunçular da seçməmişdirlər. Heyət gənc oyunçulardan ibarət idi, təcrübəli deyillər. 2008-dəki kimi deyil. Burada heyət zəif idi. Amma ümid edirəm ki, Çexiya ilə oyunda udacaqlar.
-Səbəb Arda Turandır, Emrə Morun və Volkan Şenin oyunda olmamağıdır. Hücum oynamırdılar. Oyun görmədik ki, biz ancaq İspaniyanı gördük oyunda.
- Oynayacaqlar da gələcəkdə.
- Hücumda yəqin ki, dişsiz idilər. Bir də müdafiədə Mehmet Topal yaxşı oynamadı. Yəni mərkəz müdafiəçisi kimi o cəhətdən zəif idilər. Hər iki qol Mehmet Topalın səhvindən oldu. Yaxşı oynasaydılar, ən azı 1-0 uduzardılar. Udmaq şansları çox az idi. Bundan sonra türklərdən düzünü desəm, heç nə gözləmirəm. Evə gedəcəklər böyük ehtimalla. Çünki 3-cü yeri tutmaqları üçün gərək ya 4-0 qalib gəlsinlər.
- Mən rəqib tərəfdən deyərdim ki, İspaniya elə də zəif rəqib deyildi. Türkiyə də komanda oyunu göstərmədi. Oyuna başlayanda 55-ə 45 faiz ispanların qalib gələcəyini demişdim. Amma 3-0 da gözləmirdim. Əllərindən gələni elədilər, yenə də alınmadı.
Çempionatın gedişini Bakıda izləyən Türkiyə və İraq vətəndaşları da Terimin komandasının oyunundan məyus qalıblar.
- Məncə, Fatih Terim artıq getməlidir. Oynadığımız oyun deyil. Mən düşünürəm ki, indiki komanda ən yaxşı komandadır. Çox da bahalı bir komandadır. İmkanlarımızdan zəif oynayırdıq. Buna görə də üzülürük. Səbəb yalnış futbolçu seçimidir. Məsələn, Gökhan Törə oynamadı. Oynaması lazım idi. Məşqçi kimi Şenol Güneş ola bilərdi, mən onu çox bəyənirəm.
- Biz İraqdan gəlmişik. Dünən oturub izlədik, çox üzüldük. Futbolçular yaxşı oynamırdı. Taktiki cəhətdən oyun çox zəif qurulmuşdu.
Xatırladaq ki, Türkiyə millisi qrupda son oyununu Çexiya yığmasına qarşı keçirəcək. Komanda mərhələ adlamaq üçün ən az 4 top fərqi ilə qalib gəlməli, digər qruplarda üçüncü yeri tutan komandaların daha zəif nəticə göstərməsini gözləməlidir. Necə deyərlər, Türkiyə millisinin taleyi şansa qalıb. Şansın çox olsun, ay-ulduzlular!