Gəncədə şəhid ailəsinə mənzil verilib
Gəncədə şəhid ailəsinə mənzil verilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə bu ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının dəf edən zaman döyüşlərdə şəhid olan zabit Quliyev İnqilab Çingiz oğlunun ailəsi mənzillə təmin olunub. İki otaqlı mənzilin açarını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidin 5 yaşlı oğlu Hüseyn Quliyevə təqdim edib. İndiyə kimi kirayədə yaşayan şəhidin iki oğlan övladı artıq Gəncədə hərbiçilər üçün salınan yeni şəhərcikdə olan mənzildə yaşayacaqlar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, İnqilab Quliyevin ailəsinə verilən mənzil yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı həmçinin şəhidin adına küçənin verildiyini də qeyd edib.
Şəhidin atası Çingiz Quliyev onlara göstərdiyi göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.