Stefan Şennak: “Ağdaşda seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb"

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində keçirilən Milli Məclisə təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir. APA TV-nin yerli bürosunun xəbərinə görə, Avropa Şurası Parlament Assamblesyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.

 

Həmməruzəçisi Stefan Şennak jurnalistlərə müsahibəsində ilkin təəssüratlarını bölüb: “Mən indiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər”.

 

Seçki məntəqələrinin yüksək səviyyədə təşkil olunduğunu bildirən beynəlxalq müşahidəçi Stefan Şennak veb-kameraların quraşdırılmasını müsbət dəyərləndirib: “Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Müşahidələr zamanı gördüm ki, bəzi vətəndaşlar 90 saylı Ağdaş seçki dairəsi üzrə ötən ilin noyabrında keçirilən seçkilərin nə üçün ləğv olunması və təkrar seçkilərdə nəyə görə iştirak etdiklərini bilmirlər. Bəzi yerli müşahidəçilər də seçkilərdə nəyə diqqət yetirməli olduqlarını bilmirlər. Biz bəzi seçicilərin deputatlığa namizədlər barədə kifayət qədər məlumatlı olmamasını müşahidə etdik”.

 

Müəllif | Apa.Tv
Apa.tv