"Şanxay"ı sökürlər?!

Dəmir yolu və avtomobil yollarının mühafizə zolaqlarında yerləşən tikililər söküləcək. Son bir neçə ildə ərazidəki evlərin söküləcəyi deyilsə də, bu istiqamətdə heç bir addım atılmayıb. APA TV-nin məlumatına görə, bir neçə gün öncə dəmir yolunun təhkim zolağındakı qeyri-qanuni tikililərin taleyinə yenidən aydınlıq gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin sədri Arif Əsgərov bildirib ki, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır: "Bütövlükdə respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir. Bu barədə arayış hazırlanır. İndi hansı qərar qəbul ediləcək o sonra məlum olacaq.

 

Belə tikililərin xeyli hissəsi Bakının Nizami rayonunun Keşlə qəsəbəsindədir. Verilən qərar həmin qəsəbənin "Şanxay" adlandırılan yaşayış məntəqəsində xeyli narahatlıq yaradıb. Ərazidə dəmiryolu xəttinin hər iki tərəfindəki mühafizə zolağında çoxlu tikili var ki, onlardan xəttə 21 metr yaxın olanların hamısının sökülməsi nəzərdə tutulur.

 

Bu qəsəbə 60-cı illərdə salınıb.  Əvvəllər evlər dəmir yolundan çox uzaqda idi. Sonradan insanlar evləri relslərin lap yaxınlığında tikiblər. Bura tez-tez bədbəxt hadisələr baş verdiyi "Şanxay" ərazisi kimi tanınan bir yerdir.

 

Əslində küçənin adı milli qəhrəman Pəhləvan Fərzəliyevin adını daşıyır. 1988-ci ildə Ermənistandan məcburi çıxarılan azərbaycanlıların burada məskunlaşmasından sonra evlərin sayı xeyli artıb. Getdikcə evlər relslərə bitişib. İndi qatarlar evlərin lap yaxınlığından keçir. Dəmiryolunun sağında və solunda inşa olunan evlər, buranı özünə oyun meydanı seçən azyaşlı uşaqlar... Burda bədbəxt hadisələr tez-tez baş verir. Zarafat deyil, gün ərzində onlarla yük qatarı keçir. Vətəndaşlar yol kimi dəmiryolundan istifadə edirlər. Evlərin əksəriyyətinin qapısı dəmiryoluna açılır. Bura Bakının gözdən uzaq məhəlləsidir.  Burdakı evlərin heç birinin sənədi yoxdur. Sakinlər deyir ki, onlar yalnız pasport qeydiyyatındadırlar. Ancaq onlara mülkiyyət şəhadətnaməsi verilməsi hər dəfə bəlli olmayan səbəblərdən təxirə salınıb. İndi evlərinin söküləcəyi halda aqibətlərinin necə olacağından narahatdırlar. Onlar evlərinin sökülməsindən çox, relslərin ləğv olunmasını istəyirlər. Sakinlər uzun illərdir, burada yaşadıqlarını, şəraitə uyğunlaşdıqlarını, burada sevincli-kədərli keçirdiklərini deyirlər. Uşaqlar özlərinə futbil meydançası da düzəldiblər...Sakinlərin istədiyi odur ki, onlara normal kompensasiya və yaşaya biləcəkləri mənzil versin. Onlar yaşamağa evlərinin olmasını arzulayırlar... 

Müəllif | Apa.Tv