“Formula-1”: Bakıda ən sürətli Niko Rosberq oldu

Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb. APA TV-nin məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib.

 

İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel (1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

 

Yarışdan dərhal sonra mükafatlandırma mərasimi olub. Mükafatçılara kubokları Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

 

Qeyd edək ki, Avropa Qran-prisindən sonra “Mercedes”in pilotu Niko Rosberq 141 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən səkkiz mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya və Avropa) qalib gəlib.

 

“Formula-1” üzrə növbəti mərhələ iyulun 1-3-də Avstriya Qran-prisi olacaq.

 

Qeyd edək ki, ilk dəfə Bakıda təşkil olunan “Formula-1” üzrə Avropa Qran-prisində pilotlar 6.003 km uzunluğu olan Bakı Şəhər Halqasında 51 dövrə vurublar. Əvvəlki günlərdə isə yarış iştirakçıları treki və avtomobillərini sınaqdan keçiriblər. Sərbəst yürüşlərdə Luis Hamilton bütün rəqiblərini qabaqlayaraq ən yaxşı nəticə göstərib.

 

Müəllif | Apa.Tv