Aeroport yolunda maşın yandı: sürücü son anda xilas oldu

Bakıda hərəkətdə olan maşın yanıb, sürücü son anda xilas olub. APA TV-nin məlumatına görə, hadisə aeroport yolunun Sabunçu stansiyasına dönən hissəsində qeydə alınıb.

 

Fərasət Şıxıyev idarə etdiyi 99 AV 976 dövlət nömrə nişanlı "VAZ-21015" ilə üzü aeroport istiqamətində hərəkətdə olarkən maşın qəfil alovlanmağa başlayıb. Avtomobilinin alovlanmasından xəbərsiz sürücünü isə yanından keçən digər sürücülər xəbərdar ediblər. Son anda avtomobilini yolun kənarına çəkməyə macal tapan sürücü cəld maşını tərk edib. Bu zaman alov maşını tamamilə bürüyüb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəliblər. Yanğına cəld müdaxilə edən yanğınsöndürənlər, ərazidə əlavə təhlükəsizlik tədbirləri görüblər.

 

Əraziyə yol polisi əməkdaşları da gəliblər. Yanğının səbəbi aparılan araşdırma nəticəsində məlum olacaq.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv