Cəlilabadda 20 hektardan çox taxıl zəmisi yanıb kül oldu
Cəlilabadda taxıl zəmisində güclü yanğın baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.
Taxıl biçini zamanı qəfildən başlayan yanğın qısa zamanda geniş əraziyə yayılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Lakin hava küləkli olduğundan, yanğının söndürülməsi çətinləşib. Ona görə qonşu rayonlardan da yanğınsöndürən texnika və canlı qüvvə köməyə çağırılıb.
Güclü alov dalğaları Sülüçeşmə kəndindən qonşu Əliabad, Abdullu və Mollalı kəndlərinin ərazilərindəki biçilməmiş taxıl sahələrinə də keçib. Həyata keçirilən qabaqlayıcı tədbirlərə baxmayaraq, ümumilikdə 20 hektardan çox biçilməmiş buğda və arpa zəmisi, eləcə də vələmir sahələri yanaraq yararsız vəziyyətə düşüb.
Yerli sakinlərin sözlərinə görə, yanğın ərazidə biçin işləri aparan kombayndan qaynaqlanıb. Yanğın zamanı kombaynın da mühərrik hissəsi, həmçinin 10-a yaxın elektrik dirəyi yanaraq sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.