Qazax və Tovuz şokda: bıçaqlanmış qadın meyitləri tapıldı
Qazax və Tovuz rayonlarında iki qadın meyiti tapılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, ötən gecə saat 21:00 radələrində Əsrik çayının Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.
Müayinə zamanı meyitin Aşağı Quşçu kənd sakini, 17 yaşlı Günay Rafiq qızı Gülməmmədovaya aid olduğu müəyyənləşib. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
Ötən gün Qazax rayonunun Xanlıqlar kəndində yerləşən Bayram bulağının yaxınlığında təxminən 25-30 yaşlarında naməlum qadın meyiti aşkar olunub. Meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb. Məlum olub ki, qadın bıçaqlanaraq qətlə yetirilib. Hazırda meyitin şəxsiyyətini müəyyən etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Daxili İşlər Nazirliyi Qazaxda törədilən qətllə bağlı müraciət yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, meyitin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri var.
Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.