Jalənin ikinci dönüşü: həyata, yoxsa cəhənnəmə? - AİLƏ DRAMI

Məmmədovlar ailəsi 1993-cü ildə Ağdamın işğalından sonra Bərdəyə pənah gətirib. Məcburi köçkün həyatının 7 ilini Bərdənin müxtəlif kəndlərində yaşayan ailə 2002-ci ildən Bakıda məskunlaşıb.

 

Ailə başçısı Qurban Məmmədov deyir ki, düz 14 ildir Bakı şəhərinin Nizami rayonunda, 74 saylı Qazanxananın köməkçi sahəsində yaşayırlar.  Ailənin iki övladı var - 13 yaşlı  Jalə və 10 yaşlı Kazım.

 

Onların məskunlaşdığı bu evin yaşayış üçün kifayət qədər təhlükəli olduğuna diqqət çəkən Qurban Məmmədov deyir ki, qazanxananın istilik sistemi onların yaşayış sahəsinin altından keçir.

 

Əslən Ağdamın Bağmanlar kəndindən olan ailənin ən ciddi problemi xəstə övladı ilə birgə çox kiçik sahəni əhatə edən havasız, susuz kiçik bir evdə məskunlaşmasıdır. Ailə başçısı deyir ki, onların 13 yaşlı övladı Jalə bir neçə il öncə kəskin baş ağrılarından əziyyət çəkirmiş. Elə buna görə də valideynlər paytaxtdakı klinikalardan birinə üz tutub, övladlarını müayinə etdirməyə qərar verirlər. Uzun sürən müayinə və müalicələrdən sonra Jalə Məmmədovanın xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyi məlum olur. Problemi həll etmək istəyən ailə çıxış yolunu növbədənkənar əməliyyat etdirməkdə görür: "Əvvəlcə böyrəyin kiçilməsi ilə bağlı diaqnoz qoydular. Həkimlərə sual verdik ki, bu, müalicə ilə düzələ bilərmi? Onlar isə izah etdilər ki, 5-6 il müalicə ilə saxlamaq olar, sonra böyrəklər fəaliyyətini itirəcək. Müalicə müddətində Jalədə böyrəklərdə olan kreatin artırdı. Biz onun dializə qoşulmasını istəmədik. Çünki  yaşı kiçikdir. Bu üzdən əməliyyat üçün Türkiyəyə üz tutduq. Orda qızıma öz böyrəyimi verdim, donor oldum. Beləliklə, 2016-cı il fevralın 4-də əməliyyat uğurla keçdi. Hazırda qızım özünü yaxşı hiss edir".

 

Qurban Məmmədov deyir ki, tək əməliyyat xərci ailəyə 21 min dollara başa gəlib. Bu məbləği toplamaqda məcburi köçkün ailəsinə onların qohumları, dostları, Jalənin təhsil aldığı 129 saylı məktəbin kollektivi və sinif yoldaşları kömək ediblər: "Əməliyyata qədər hər üç aydan bir gedib gəlirdik. Ümumilikdə 30 min dollara başa gəldi. 4 ay orda qaldıq".

 

Jalənin anası Mahizər Məmmədovanın sözlərinə görə, əməliyyatdan sonra həkimlər ailəyə xəbərdarlıq edib ki, xroniki böyrək çatışmazlığı əməliyyatından sonra xəstə ətraf mühitdən qorunmalı, təmiz havada çox olmalı, ev şəraitində belə tək otaqda yaşamalıdır: "Xəstəxanada bizə dedilər ki, 1 il müddətində uşaq bizimlə eyni evdə yaşasa da, ayrı otaqda qalmalı və ayrı yatmalıdır. Ətraf qoxular, hətta ətir qoxusu belə olmaz bu yaşayan evdə. Əməliyyatdan sonra Bakıya qayıtdıq. Amma qızımın sağlamlığı üçün gərəkən heç bir şəraiti qura bilmədik. Kiçik iki otaqdır. Qazanxananın tüstü-boru kəməri də bunun altından keçir. Bizimlə birgə yoldaşımın 78 yaşlı anası da yaşayır. O da yataq xəstəsidir. Gəzə bilmir. Bir otaqda yatır nənəsi ilə. Təsəvvür edirsinizmi? Uşaq havasızlıqdan, qoxudan əziyyət çəkir, qapını açıram anam üşüyür. Vəziyyət bu qədər acınacaqlıdır. Biri ana, o biri övlad - hansını seçə bilərik? Neyləyəcəyimizi bilmirik".

 

Mahizər xanım deyir ki, ailəsi ilə birgə dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edib. Ailəyə Komitənin balansında mənzil olmadığı bildirilib. Bununla bağlı Məmmədovlar ailəsi Nizami Rayon İcra Hakimiyyətini də məlumatlandırıb: "Çox istəyirik ki, övladımızın sağlam yaşaması üçün bizə kömək olunsun. Qaçqınlar üçün tikilən mənzillə təmin etsinlər. Məktub da göndərmişik. Yəni bu şəhərdə bizə köməklik göstərə biləcək bir qurum yoxdurmu? İmkanlı şəxslərə üzümü tutub xahiş edirəm. Bizə yardım etsinlər, böyük əziyyətlə Jalə ikinci dəfə həyata qayıtdı. İndi də onun sağlam yaşamasını istəyirik".

 

Mahizər Məmmədova şəkər xəstəliyindən əziyyət çəkir. Yoldaşı Qurban Məmmədov isə donar olduğu üçün hazırda heç bir yerdə işləmir. Ailə hazırda qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət, Jalənin və 78 yaxşı nənə Bahalı Məmmədovanın təqaüdü hesabına dolanır. Ailənin ağbirçəyi uzun illərdir yataq xəstəsidir. Bizimlə söhbətində göz yaşlarına hakim ola bilməyən nənə nəvəsini sağlam görmək istədiyini deyir: "Oğlumla birgə gəlmişəm Bakıya. 9 ildir infarkt keçirmişəm. Ağır şəkərdən əziyyət çəkirəm. Gəzə bilmirəm, oğlumla gəlinim baxır mənə. Çox xahiş edirəm evlə təmin etsinlər bizi".

 

Qurbanovlar ailəsi müstəsna hal kimi onların da məcburi köçkünlər üçün tikilən mənzillə təminatına köməklik göstərilməsini istəyir.

Müəllif | Apa.Tv
Apa.tv