Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirildi

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizlə Rusiya Federasiyası arasında bir çox sahələrdə uğurlu iqtisadi əməkdaşlığın olduğundan söz açıb.
 

O deyib ki, uğurla həyata keçirilən qarşılıqlı səfər və görüşlər mövcud münasibətlərin daha da inkişafına və möhkəmləndirilməsinə yönəlib.

 

Niyazi Səfərov vurğulayıb ki, son illərdə hər iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 170 sənəd imzalanıb, 2015-ci ildə qarşılıqlı ticarət dövriyyəsi  1,9 milyard dollar təşkil edib. Cari ilin ilk dörd ayı ərzində isə ticarət dövriyyəsinin həcmi 470 milyon dollar olub.

 

İnvestisiyaların səviyyəsinə gəlincə, son illər ərzində Rusiya iş adamları tərəfindən ölkəmizin iqtisadiyyatına 3 milyard, Azərbaycandan isə Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə 1 milyard dollar sərmayə yatırılıb.

 

Qeyd edilib ki, hazırda Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur. Dünya ölkələrindəki iqtisadi çətinliklərə rəğmən ölkəmizin neft sektorunda 1,7, kənd təsərrüfatı sahəsində isə 1,4 faizlik artım qeydə alınıb.

 

Nüfuzlu reytinq agentliklərinin hesabatlarına əsasən, Azərbaycan əlverişli investisiya mühiti baxımından 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb.

 

Yaroslavl vilayətinin qubernatoru Sergey Yastrebov da rəhbəri olduğu vilayətin ölkəmizlə bir neçə sahədə uğurlu əməkdaşlığının mövcud olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını önə çəkib.

 

Azərbaycanda İnvestisiyaların Təşviqi Fondu - "Azpromo"nun icraçı direktoru Rüfət Gülməmmədov isə hər iki ölkənin iş adamları arasındakı əməkdaşlığın uğurlu perspektivlərindən söz açaraq, bu məsələnin daim Azərbaycan dövlətinin diqqətində olduğunu bildirib.

 

Tədbirin davamında hər iki ölkənin şirkətləri arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bu sənədlər sayəsində "Azpromo" və "Delovaya Rossiya" Ümumrusiya İctimai Birliyi, "Bank VTB" arasında əməkdaşlıq, o cümlədən "Azpromo" və Rusiyanın "Viktoriya Etseyt" müəssisəsi ilə sənaye və kənd təsərrüfatı sahəsində birgə investisiya layihələrinin dəstəklənməsi, eləcə də "Azpromo" və "R-Farm" şirkəti arasında gələcəkdə ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılması da nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Apa.tv