Əli Həsənov: "Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilərə elə zərbə vurdu ki..."

 

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir. Bu problemlə Azərbaycan prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır”.

 

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

O, prezidentlərin Sankt-Peterburq görüşündə də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinin qaldırılacağını güman etdiyini bildirib. Qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərə sərbəst gedib-gəlməsi qarşı tərəfə böyük zərbə vurub: "Onlara elə zərbə vuruldu, Ermənistanın bugünkü faşist rejimini elə laxlatdı ki, bu gün də özlərinə gələ bilmirlər. Bütün beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətlər göndərildi, təəssüflər olsun ki, məhəl qoyulmadı".

 

Qeyd edək ki, bu gün Bakıda 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda olan qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə son 20 ildə Azərbaycan dövlətinin, donor ölkə və beynəlxalq humanitar təşkilatların qayğısına həsr olunmuş film nümayiş etdirilib. 

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2,5 milyard dollar sərf edilib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson isə deyib ki, problemlərin həlli həmrəylik, ksenofobiyaya qarşı mübarizə və problemin həllinə töhfə verməklə mümkündür.

Müəllif | Apa.Tv
Apa.tv