İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı kampaniya yenidən başladı

İngiltərədə krallığın Avropa İttifaqından çıxması ilə bağlı referendum öncəsi keçirilən kampaniya yenidən başlayıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, sözügedən kampaniya ötən cümə axşamı parlamentin deputatı Co Koksun qətlə yetirilməsindən sonra dayandırılmışdı.

 

Hazırda isə referenduma qədərki kampaniya yenidən alovlanıb.

 

Ölkənin baş naziri ötən həftənin sonunda ictimaiyyətə etdiyi müraciətində keçiriləcək səsverməni "geri dönüşü olmayan istiqamətə bilet" adlandırıb. Baş nazir eyni zamanda İngiltərənin Avropa İttifaqından çıxacağı təqdirdə, bu faktorun ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini, o cümlədən Londonun dünya siyasi arenasındakı mövqelərini zəiflədəcəyini bildirib: “Əgər biz istəsək, əlbəttə ki, tərk edə bilərik. Lakin gəlin vəziyyəti real olaraq qiymətləndirək. Əgər biz Avropa İttifaqını tərk etsək, o zaman istər özümüzün, istərsə də övladlarımızın həyatına, imkanlarımıza və biznesimizə təsir göstərəcək bir qurumdan uzaqlaşmış olacağıq. Mən İngiltərənin Avropa İttifaqını tərk edəcəyini düşünmürəm. Əksinə, bizim bu qurumda qalaraq, mübarizəni davam etdirəcəyimizə inanıram. Biz məhz bunu etməliyik. Ölkəmiz yalnız ittifaqın tərkibində nəhəng dövlətə çevrilib və gələcəkdə də inkişaf etməkdə davam edəcək”.

 

Lakin baş nazirin rəqibləri fərqli fikirdədir. Londonun sabiq meri Boris Conson başda olmaqla, D.Kemeronun rəqibləri keçiriləcək referendumu azadlıq və demokratiya yolunda atılacaq addım kimi dəyərləndirir. Onlar ittifaq tərkibindəki fəaliyyətin davam etməsinin ölkə iqtisadiyyatı üçün daha yüksək risk daşıyacağı anlamına gəldiyini isbatlamağa çalışır.

 

Qeyd edək ki, İngiltərənin Avropa İttifaqını tərk etməsi ilə bağlı referendum iyunun 23-də keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv