Ermənistanda Birinci Qarabağ müharibəsinin komandiri həbs olundu

Birinci Qarabağ müharibəsinin veteranı, işğalçı ordunun keçmiş komandirlərindən Jirayr Səfilyan həbs edilib.

 

APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, o, qanunsuz silahlı təşkilat yaratmaqda,  silah saxlama və gəzdirməkdə ittiham olunur.

Ötən ayın 20-də Ermənistanın yol polisinin saxladığı bir avtomobildən AK-74 avtomatı və 120 güllə aşkarlanıb. Avtomobilin sürücüsü və sərnişini polis idarəsinə aparılıblar və həbs ediliblər.

Araşdırmalar zamanı onlar Jirayr Səfilyanın təşkil etdiyi silahlı dəstənin üzvü olduqlarını və müəyyən hökumət idarə və binaların tutulmasını, o cümlədən televiziya qülləsinin ələ keçirməyi planladıqlarını etiraf ediblər.

 

Saxlanılan şəxslər aprel döyüşləri zamanı Ermənistan ordusunun məğlubiyyətini və hakimiyyətin xalqı aldatmasını qəbul edə bilmədiklərini və məhz bunun üçün dövlət çevrilişi etmək istədiklərini bildiriblər. Onlar daha səkkiz nəfərə silah verildiyini deyiblər. Keçirilən əməliyyatlar nəticəsində onlardan altısı həbs edilib, bir nəfərin barəsində isə axtarış elan edilib.

Həbs olunanlardan biri də Jirayr Səfilyandır.

Müəllif | Apa.Tv
Apa.tv