Masallıda elektrik xətti qırıldı, yük maşını və tövlə külə döndü

Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xanalion kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini Əlizadə Ağayev torpaq sahəsindən biçdiyi otu həmkəndlisi Şirzad  Şiriyevə məxsus "QAZ-66" markalı yük maşını ilə evinə gətirib. Həyətdən keçən elektrik naqilinin qəfildən qırılaraq yük maşınının üstünə düşməsi nəticəsində yanğın baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınsa da,  yük maşını, eləcə də ümumi sahəsi 50 kv. metr olan tövlə və 500 bağlama ot yanaraq külə dönüb.

 

Yanğının səbəblərinə gəldikdə, ev sahibləri bunu kənddəki elektrik xətlərinin qəzalı vəziyyətdə olması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, belə hadisələr tez-tez baş verir: "Budur, baxın da xəttə. Bir bura deyil, bütün kənd eyni vəziyyətdədir. Elektrik xətləri yapışıb yerə, adamın başına dəyir".

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv