Prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri açıqlandı
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.
APA TV-nin məlumatına görə, bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər".
Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları vurğulanır.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında bildirib ki, görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir.
“İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, - deyə o vurğulayıb.