Türkiyə millisinin rəqibinə ağır cəza

Xorvatiyanın Futbol İttifaqı azarkeşlərin hərəkətlərinə görə 100 min avro cərimə edilib.

 

APA TV-nin məlumatına görə, UEFA-nın etika və intizam məsələləri üzrə müstəqil komitəsi Xorvatiya və Çexiya millilərinin oyunundakı insidenti müzakirə edib. Müzakirələrin sonunda Xorvatiya Futbol İttifaqı 100 min avro cərimələnib. Bundan başqa, Xorvatiyanın futbol qurumuna Avropa çempionatının qalan oyunlarına bilet satmaq qadağan edilib.

 

Xatırladaq ki, Çexiya millisi ilə 2:2 hesablı heç-heçə ilə bitən oyunun sonlarına yaxın xorvatiyalı azarkeşlər meydana məşəllər atıblar. Bunu nəzərə alan hakim oyunu dayandırmalı olub. Xorvatiyalı azarkeşlərin sektorunda dava da başlayıb. Sakitlik yarandıqdan sonra oyun bərpa edilib.

 

Qeyd edək ki, Xorvatiya millisi Avropa çempionatında Türkiyə yığması ilə eyni qrupda çıxış edir.

 

Müəllif | Apa.Tv