İrəvan erməniləri: “Azərbaycanın silah arsenalı bizdən qat-qat güclüdür” - SORĞU
Rusiyanın təşəbbüsü ilə Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı İrəvanda sorğu keçirilib.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, İrəvan sakinlərinin bu görüşə münasibətləri fərqli olub.
"Bu görüşdən sonra da hansısa müsbət nəticəyə nail olunacağı inandırıcı görünmür. Amma bu o demək deyil ki, proses dalana dirənib", - deyə sakinlərdən biri deyib.
Rəyi soruşulanlardan biri Azərbaycan tərəfinin hər an müharibəyə başlaya biləcəyini istisna etməyib: "Hər dəqiqə silahlar danışa bilər. Azərbaycanın arsenalı isə bizdən daha güclüdür. Onların müasir artilleriya silahları var".
İrəvan sakinlərinin əksəriyyəti isə Rusiyanın Azərbaycana silah satmasından narahatdır. "Əgər görüş müttəfiqini silahlandıran tərəfin təşəbbüsü ilə baş tutursa, zənnimcə, hər şey məlumdur. Ermənistanın maraqları çoxdan ayaq altına atılıb", - deyə rəy bildirənlərdən biri vurğulayıb.