Con Kerri və Ancelina Coli iftar mərasiminə qatıldı

ABŞ-ın dövlət katibi Con Kerri və məşhur Hollivud ulduzu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coli Beynəlxalq Qaçqınlar Günü münasibətilə Dallas Bölgəsi Müsəlman Toplumunun təşkil etdiyi iftar proqramında çıxış edib

 

APA TV-nin xəbərinə görə, çıxışına "Səlamün əleyküm" deyərək başlayan Kerri müsəlmanların ən müqəddəs ayını yaşadıqlarını xatırladaraq, "Ramazani-Kərim" ifadəsini işlədib.

 

Xarici işlər naziri dünyada qaçqınların sayının artdığını, bütün qaçqınlar bir ölkədə toplanarsa, əhalisi ən çox olan 22-ci ölkə olacağını qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın qəbul etdiyi qaçqınların ölkənin təhlükəsizliyi üçün təhdid olduğu fikri yanlışdır və qaçqınlar ölkə vətəndaşlarından daha təhlükəli deyillər. "Müsəlmanlara nifrət aşılamaq, onları hədəf halına gətirmək terrorçuların xeyrinədir. ABŞ və İslam arasında sanki bir müharibə yaşandığını göstərmək istəyirlər, amma bu doğru deyil. Müsəlmanların ABŞ kimi azad yaşaya bildiyi başqa bir ölkə yoxdur", - deyə Kerri fikrini tamamlayıb.

 

BMT-nin xüsusi nümayəndəsi Ancelina Coli bir çox dindən olan insanın birlikdə iftar proqramına qatılmasından duyduğu məmnuniyyəti dilə gətirib. Qaçqınların artması ilə birlikdə yadlara qarşı nifrətin artdığına diqqət çəkən Coli bu məsələdə hər bir ölkənin daha artıq cavabdehlik daşımasını lazım olduğu qeyd edib: "İnsanlar bərabər doğulub və hər kəs bərabər haqlara sahibdir. Bəzi insanların baqalarından daha dəyərli olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz".

Müəllif | Apa.Tv
Apa.tv