Salyanda doğulan üçəmlərdən ikisi öldü - QARŞILIQLI İTTİHAMLAR
Salyanda doğulan üçəmlərdən ikisi ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində üçəm dünyaya gətirib.
Doğuş normal həyata keçsə də, bir müddət sonra uşaqlardan ikisi ölüb. Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.
Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə APA-ya bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.
Səhiyyə Nazirliyi Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn üçəmlərdən ikisinin ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də xəstəxananın Doğum şöbəsində üçəm dünyaya gətirib. Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, uşaqlardan biri gecə saat 1:00-da, digəri isə 10 dəqiqə sonra tələf olub".
Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib: "Yəni işığın sönməsinin bu məsələyə heç bir aidiyyəti yoxdur və xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".