Soros: “Avropa İttifaqı dağılacaq, Rusiya supergücə çevriləcək”
Amerikalı milyarder Corc Soros Avropa İttifaqının dağıldığı bir zamanda Rusiyanın dünyada supergücə çevrildiyini bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Corc Soros Londonda keçirilən tədbirlərdən birində deyib.
Milyarder həmçinin keçmiş Sovetlər İttifaqının süquta uğradığı dövrdə Avropanın necə çiçəkləndiyini də xatırladıb. Bundan əvvəl isə fevral ayında Corc Soros 2017-ci ildə Rusiyanın süquta uğrayacağını, Vladimir Putinin ölkədə az da olsa inkişaf və maliyyə sabitliyini təmin etməli olduğunu, lakin sanksiyalar və neft qiymətlərinin kəskin azalması səbəbindən bunun hələlik mümkün olmadığını da bildirib.
Milyarder o zaman yuxarıda sadalanan amillərin təmin edilməsinin mümkünsüzlüyünə daha bir səbəb olaraq növbəti ildən ölkənin xarici borclarının ödənilməsinə başlayacağını da göstərib. Soros o zaman Rusiyanın Suriya siyasətinə də toxunaraq, bu siyasətin Avropa İttifaqını iflasa sürüklədiyi qənaətində olduğunu deyib.
Onun fikrincə, əgər bu baş verərsə, prezident Vladimir Putin bundan iqtisadi fayda görməklə yanaşı, elə onun özü tərəfindən dəstəklənən anti-Avropa partiyaları ilə əlaqələrindən yararlanmış olacaq. İyunun əvvəlində milyarder miqrasiya böhranı, Yunanıstanla mövcud problemlər və Britaniyanın İngiltərənin Avropa İttifaqından çıxa biləcəyi ilə əlaqədar Avropa İttifaqının dağılacağını açıqlayıb.
Bir qədər əvvəl isə milyarder "The Guardian" qəzetindəki yazısında İngiltərə vətəndaşlarının ölkənin Avropa İttifaqından çıxması lehinə səs verəcəyi təqdirdə, referendumdan bir gün sonra Londonu "qara cümə"nin gözlədiyi ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, bu addım krallığın milli valyutası olan funt-sterlinqin kursunun avro səviyyəsinə enməsi ilə nəticələnəcək.