Fərhad və Rafiq Əliyevlər əfv olundu - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb. Ölkə başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını və ən nəhayət humanizm prinsiplərini rəhbər tutaraq Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən əfv sərəncamı imzalayıb.

Prezidentin sərəncamı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 134 nəfərə, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfərə, islah işləri cəzasına məhkum edilmiş bir nəfərə və cərimə cəzasına məhkum edilmiş 16 nəfərə şamil olunub.

Ölkə başçısının sərəncamına əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun rəhbəri Rafiq Əliyev də əfv olunub.

Qeyd edək ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər sonradan iqtisadi cinayətlərdə də təqsirli biliniblər. Məhkəmə əmlakları müsadirə olunmaqla Fərhad Əliyevi 10 il, Rafiq Əliyevi isə 9 il azadlıqdan məhrum edib.
 

Müəllif | Apa.Tv