Prezident İlham Əliyev Nardaran sakinləri ilə görüşdü
İyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.
APA TV-nin xəbərinə görə, daha sonra prezident İlham Əliyev Nardaran qəsəbəsində sakinlərlə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib. Qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışan prezident İlham Əliyev Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini dedi, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.
Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.
Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Sonra Prezident İlham Əliyev qəsəbə sakinləri ilə söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.