Allahşükür Paşazadə: “Mübariz Qurbanlı ilə işləmək üçün heç bir maneə yoxdur”

“Azərbaycan daxilində iğtişaş salmaq istəyən bəzi qüvvələrə qarşı Qafqaz Müsəlmanları İdarəsi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə mübarizə aparır”. APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

 

O bildirib ki, birgə mübarizə öz müsbət nəticəsini verir: “Xüsusən Mübariz Qurbanlının Dövlət Komitəsinə rəhbərliyindən sonra bu sahədə fəaliyyət genişlənib. Bizə birlikdə işləmək üçün heç bir maneə yoxdur”.

 

Qeyd edək ki, bu gün Bakıda "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Mübariz Qurbanlı dövlət-din münasibətləri və komitənin fəaliyyətindən danışıb. Şeyxülislam Allahşükür Paşazadə isə deyib ki, yeni yaradılan dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində bəzi çətinliklər olub, Qafqaz Müsəlmanları İdarəsi ilə müəyyən problemlər yaranıb: "Məmurun dindara olan münasibətində səhv olanda dövlət o dindarı qoruyurmu? Qorumur. Bu sahədə bizim çox böyük çətinliklərimiz olub".

 

QMİ sədri bildirib ki, Mübariz Qurbanlı Dövlət Komitəsinə sədr təyin olunandan sonra yerlərdə Dövlət Komitəsi və dindarlar arasında əməkdaşlıqda harmoniya var.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkədə dini tolerantlıq və dözümlülüyün olduğunu vurğulayıb. Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və yaşayacağını vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv