Təbiət möcüzəsi: ipəyə çevrilən qurd - AĞDAMDAN REPORTAJ

Uzun fasilədən sonra kənd təsərrüfatı rayonlarına paylanan ipək qurdu toxumlarının saxlanılma müddəti başa çatır. Orta yaşlı kəndlilərin bu sahədə kifayət qədər təcrübəsi olsa da, illər sonra ipəkqurdunun saxlanılmasında çətinliklərlə qarşılaşıblar. Buna baxmayaraq, kəndlilər bunun öhdəsindən gələ bilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, dövlət tərəfindən pulsuz paylanılan ipəkqurdunun toxumu Çindən gətirilib. Kəndlilərin sözlərinə görə, bu il üzləşdikləri bəzi çətinliklərin əsas səbəblərdən biri illər öncə barama qurdu saxlamaq üçün vacib sayılan bütün tikililərin və məişət əşyalarının sıradan çıxmasıdır.

 

Yasən Cəfərov, fermer: "258 qram qurd götürdük. Təxminən bu o deməkdir ki, 14 qutu. 5 ailəyik, yığışıb bir yerdə saxlayırıq. Çətinlik ondadır ki, dəhrələrimizi artıq unutmuşduq. Onlar yox idi. Onları düzəltmək, yer hazırlamaq müəyyən çətinliklər oldu. Amma şükür Allaha ki, biz gətirib çatdırdıq axıra. Gələn mövsümdə daha yaxşı olacaq".

 

Kəndlilər bir aylıq zəhmətdən sonra 1 tonadək barama əldə edəcəklərini proqnozlaşdırırlar. Baramanın bir kiloqramı isə 8 manatdan alınır. Orta hesabla qısa zamanda 8 min manatdan artıq gəlir əldə etmək şansları var. 

 

Yerli sakinlərin bu il qarşılaşdığı ən böyük çətinliklərdən biri də barama qurdunun yemlənməsi ilə bağlı olub. İllərlə çəkil ağacları qırılaraq yerində əkin sahələri yaradılıb. Bəzi yerlərdə isə tut bağları pay torpağı kimi kəndlilərə paylanıb, onlar da bu torpaqda istədikləri məhsulu becərməyə başlayıb. Növbəti ilə hazırlıq üçün Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr yol kənarlarındakı tut ağaclarında budama işlərinə başlayıb. Elə sakinlər də öz həyətlərindəki ağacları səliqəyə salırlar. 

Müəllif | Apa.Tv
Apa.tv