Dövlət Taxıl Fondu: Laboratoriyalarda məhsulun yoxlanılması ödənişsizdir
Dövlət Taxıl Fondu yüksək keyfiyyətli buğda tədarükü elan edib. APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
Fond rəhbəri fermerlərin Nazirlər Kabinetinin 105 nömrəli qərarında təsbit edilən standartlara uyğun olan buğdanı Biləcəri, Abşeron, Səngəçal, Gəncə, Bərdə və Şabranda yaradılmış 15-dək qəbul məntəqəsinə təhvil verə biləcəklərini deyib.
Z.Məmmədov bildirib ki, qəbul məntəqələrinin işində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər müvafiq qurumların mütəxəssislərinin də iştirakı nəzərdə tutulub: "Bəzən istehsalçılar yanlış olaraq taxıl biçilən kimi bu məhsulu gətirib təhvil verirlər. Yaxşı olar ki, fermerlər İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditə olunmuş laboratoriyalara müraciət etsinlər və analiz nəticələri Nazirlər Kabinetinin qərarına uyğundursa, gətirib qəbul məntəqələrinə təhvil versinlər. Laboratoriyalarda məhsulun keyfiyyətinin yoxlanılması ödənişsizdir. Bəzən bizə təklif olunan buğdaların keyfiyyət göstəriciləri Nazirlər Kabinetinin təsdiq etdiyi keyfiyyət göstəricilərinə uyğun gəlmir. Çünki bəzi hallarda fermerlər məhsulu baha satmaq üçün müəyyən müddət saxlamağa çalışır. İdeal saxlanma şəraiti olmadığına görə məhsullarda xəstəliklər əmələ gəlir və yararsız vəziyyətə düşür".
Fond rəhbəri qəbul ediləcək taxılın keyfiyyət göstəricilərini də açıqlayıb. Bildirib ki, məhsulun keyfiyyət göstəriciləri onun naturası, yapışqanlığı, eləcə də üzərində zərərvericilərin qalıqlarının olmamasındadır.
Taxılçılıqla məşğul olan fermerləri maraqlandıran daha bir sual dövlətin cari ildə buğdanı onlardan hansı qiymətə alacağı ilə bağlıdır. Bu məsələyə də aydınlıq gətirilib. Bu il fermerlərə 1 ton buğda üçün 250 AZN ödəniləcək.
Cari il üçün müəyyən olunan buğda ehtiyatı kvotasına gəlincə, fond rəsmisi rəhbərlik etdiyi qurumun builki ehtiyat həcminin 500 min ton həcmində müəyyən olunduğunu açıqlayıb.
Fondun rəhbəri eyni zamanda qurum tərəfindən buğdanın qəbul müddətinin 31 avqust tarixində başa çatacağını vurğulayıb və tələbatdan asılı olaraq bu tarixin dekabrın 31-dək uzadıla biləcəyini söyləyib.