Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirildi
Brüsseldəki “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” adlı kitabın təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçikadakı səfiri və Avropa Ittifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim, Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporunun fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak edib.
TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen bildirib ki, tədbirin əsas məramı bir milyona yaxın azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını buraya toplaşanların diqqətinə çatdırmaqdır: "Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və doğma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adambaşına ən çox məcburi köçkün düşən ölkələrdən biridir".
“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” kitabından bəhs edən M.Vervilgen vurğulayıb ki, Ermənistan 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş kütləvi insan qırğını ilə bağlı etdiyi cinayətlərə görə məsuliyyətini inkar etməkdə davam edir. Bunlar hazırda Ermənistan prezidenti, o zaman isə səhra komandiri olan Serj Sarqsyan tərəfindən təşkil edilib.
Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib bu müharibənin həm şahidi, həm də qurbanı olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi haqqında məlumatlı olması gələcəkdə bu cür faciəvi ssenarinin təkrarlanmasının qarşısını almağa yardım edəcək.
Kitabın ərsəyə gəlməsi haqqında bəhs edən nəşrin redaktoru İan Pert deyib ki, bu kitab kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsl mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür: "Biz güllələrdən qaça bilən və bəxti gətirmiş insanlardan müsahibə almağa nail olduq. Bu inanılmaz dərəcədə çətin oldu. Məsələn, o vaxt 12 yaşında olan və qohumu ilə birgə canını qurtara bilən Yasəmən Həsənova haqqında. Onun atası özünü müdafiə qüvvələrinin sıralarında döyüşüb həlak olmuşdu, anası isə itkin düşmüşdü. Bir neçə il sonra o, anasının cəsədini televiziyada nümayiş etdirilən arxiv çəkilişlərdə görmüşdü. O, quyudan su götürdüyü zaman güllə ilə vurulmuşdu. Yasəmən demişdi ki, heç vaxt düşünməzdim ki, kimsə anasının əsir götürülmədən öldürüldüyünə sevinə bilər. Hazırda Yasəmən müəllimədir". SİTATIN SONU
Sual-cavab sessiyasında çıxış edən Ermənistanın Belçikadakı səfirliyinin diplomatının şərhinə İan Peart belə cavab verib: “Britaniyalı jurnalist Tomas de Vaalın “Qara Bağ” kitabında Ermənistan prezidenti Serj Sarkisyandan sitat gətirilir. Ondan Xocalı qətliamı haqqında soruşulanda, belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik.”
Qeyd edək ki, ilk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun “İTHACA Press” nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında nəşr edilən ilk topludur.