Rafiq Əliyev: “Məni və qardaşım Fərhad Əliyevi…” - AÇIQLAMA

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban bayramı ilə əlaqədar əfv sərəncamı imzalanıb. Bu gün sərəncamın icrasına başlanılıb. Penitensiar Xidmətin tərbiyə işləri idarəsi rəisi, ədliyyə polkovniki Rafiq Ramazanovun sözlərinə görə, prezidentin sərəncamı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 134 nəfərə, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfərə, islah işləri cəzasına məhkum edilmiş bir nəfərə və cərimə cəzasına məhkum edilmiş 16 nəfərə şamil olunub.

Ümumilikdə müstəqillik əldə edildikdən sonra 55 əfv sərəncamı icra olunub. Bu sərəncamlar 5680 nəfərdən çox adama şamil olunub.

Əfv sərəncamı "Azpetrol" Şirkətlər Qrupunun sabiq rəhbəri Rafiq Əliyevə də şamil olunub. Onunla birlikdə 6 saylı cəzaçəkmə müəssisəsindən 9 məhbus azadlığa buraxılıb.

“Bu gün azadlığa çıxdığıma görə çox şadam. Qardaşımı və məni əfv etdiyinə görə, anamın ona olan müraciətini yüksək qiymətləndirdiyinə görə, cənab prezidentə sonsuz minnətdaram”. Bu sözləri jurnalistlərə açıqlamasında Rafiq Əliyev deyib.

Ölkə başçısının sərəncamına əsasən, cəza müəssisəsindən azad olunanlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.
 

Müəllif | Apa.Tv