Ərdoğana məktub yazan erməni keşişi İrəvana buraxılmayacaq
İstanbul erməni kilsəsinin patriarxı Aram Atəşyan Ermənistana buraxılmayacaq. APA TV-nin məlumatına görə, bu barədə Eçmiədzin kilsəsinin mətbuat xidmətindən bildiriblər.
Bundan əvvəl isə Atəşyanın əvvəlcə Rusiyaya, oradan isə İrəvana gələcəyi qeyd olunurdu. Aram Atəşyanın Erməni Ali Ruhani Şurasının iclasına qatılacağı, daha sonra İrəvana səfəri gözlənilən Roma Papası Fransisklə görüşəcəyi deyilirdi.
Bir müddət əvvəl isə İstanbul erməni patriarxı Almaniya Bundestaqının "erməni soyqırımı"nı qəbul etməsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb. Müraciətdə o, çıxarılan qərarın ermənilərin üzüntüsünə səbəb olduğunu bildirib.
Rəsmi İrəvan bunu Türkiyə ermənilərinin təzyiq altında olması kimi qiymətləndirib. Amma Türkiyənin erməni icması Aram Atəşyanın Ermənistana səfər etməsinə etiraz edib. Buna qədər isə Ermənistanda hətta parlament səviyyəsində Atəşyana qarşı çıxışlar edilib.